Azərbaycanın Türkmənistandakı səfirliyi Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri münasibətilə qəbul təşkil edib.

Bu barədə "Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında 108 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının tarixi əhəmiyyətindən danışıb.

O qeyd edib ki, cəmi 23 ay kimi qısa mövcudluq müddətinə baxmayaraq, Şərqdə ilk demokratik respublika olan AXC Azərbaycan xalqının müstəqilliyə və dövlətçiliyə can atmasını nümayiş etdirib.

Q.Gözəlov vurğulayıb ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında sabitlik və inkişaf yoluna qədəm qoyub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə dayanıqlı inkişafı davam etdirir və güclü dövlət kimi öz mövqelərini möhkəmləndirir.

Q.Gözəlov 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq qəbul edilmiş sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, diplomat çıxışında Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Transxəzər marşrutu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri daxil olmaqla enerji, nəqliyyat və logistika layihələrindəki roluna toxunub.

Azərbaycan-Türkmənistan münasibətlərinə toxunan Q.Gözəlov bildirib ki, iki ölkə arasındakı əlaqələr ümumi tarix, dil, etnik və mədəni yaxınlığa əsaslanır. O vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq iki ölkə liderlərinin siyasi iradəsi sayəsində inkişaf edir.

Səfir parlamentlərarası qarşılıqlı fəaliyyətin, Xarici İşlər nazirlikləri arasında dialoqun və birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, komissiya çərçivəsində ticari-iqtisadi, nəqliyyat-logistika, enerji və mədəni-humanitar sahələrdə əməkdaşlıq inkişaf edir.

Ali səviyyədə qarşılıqlı səfərlərin önəminə toxunan Q.Gözəlov 2025-ci ildə Prezident İlham Əliyevin Türkmənistana səfərinin, həmçinin Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, ölkələr arasında yüksək səviyyəli təmaslar 2026-cı ildə də davam edəcək.

Mədəni və humanitar əməkdaşlıqdan bəhs edən səfir 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan Mədəniyyəti Günlərinin keçirildiyini, hazırda Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu qeyd edib.

Səfir Q.Gözəlov Türkmənistan nümayəndə heyətinin Azərbaycanda baş tutan ənənəvi tədbirlərdə, eləcə də Şuşada keçirilən "Xarıbülbül" festivalında iştirak etdiyini, Azərbaycan incəsənət xadimlərinin Türkmənistanda, o cümlədən TÜRKSOY çərçivəsində təşkil olunan proqramlarda fəal iştirak etdiklərini qeyd edib.

Çıxışında Azərbaycan mədəniyyətinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin Türkmənistanda geniş tanıdılmasına xüsusi diqqət çəkən səfir "Arşın mal alan" və "Ər və arvad" operettalarının Aşqabadda türkmən dilində mütəmadi olaraq səhnəyə qoyulmasının iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nümunələrindən biri olduğunu vurğulayıb.

Q.Gözəlov Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscidin kompleksinin inşa edilməsini iki xalq arasındakı qardaşlıq və humanitar əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Tədbirdə ali qonaq qismində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, birgə hökumətlərarası komissiyanın həmsədri Nökərqulu Ataquliyev iştirak edib. O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini və firavanlıq arzularını Azərbaycan tərəfinə çatdırıb.

N.Ataquliyev qeyd edib ki, iki ölkə liderləri arasında yüksək səviyyəli dialoq Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına əhəmiyyətli təkan verib. O vurğulayıb ki, xalqlar arasındakı qardaşlıq əlaqələri dərin tarixi köklərə əsaslanır və əməkdaşlıq siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənir.

Ziyafət çərçivəsində Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib, milli rəqslər, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında videoçarxlar, eləcə də Azərbaycan mətbəxinin təamları təqdim olunub.

Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan–Türkmənistan münasibətlərini əks etdirən foto sərgi ilə tanış olub, "Made in Azerbaijan" brendinin məhsulları, o cümlədən "Azərçay" və Azərbaycan kəlağayısı da xüsusi stenddə nümayiş etdirilib.