Avropa İttifaqı (Aİ) Azərbaycanla "Tərəfdaşlıq Prioritetləri"nin mətninin ilin sonunadək təsdiqlənəcəyinə ümid edir.
Bu barədə "Report"a Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Aİ "Tərəfdaşlıq Prioritetləri"nin mətninin razılaşdırılmasını ilkin olaraq başa çatdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmən bərpa ediblər:
"Sənəd Brüsselə göndəriləcək, bundan sonra onun təsdiqlənməsi ilə bağlı uzunmüddətli prosedur həyata keçiriləcək, lakin biz bu prosesi cari ilin sonunadək başa çatdırmağa ümid edirik".
M.Kuyundziç həmçinin deyib ki, tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqlar artıq başlayıb:
"Söhbət razılaşdırılması vaxt tələb edən, kifayət qədər böyük həcmə malik çərçivə sənədindən gedir. İstənilən çərçivə sazişində olduğu kimi, bu da normal danışıqlar prosesidir".