Bolqarıstanda bülletenlərin 100%-nin sayımından sonra keçmiş prezident Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici səslərinin 44,5%-ni toplayıb.
"Report" Bolqarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata görə, Rumen Radevin partiyası parlament seçkilərində ən çox səs toplayıb.
Keçmiş baş nazir Boyko Borisovun "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" partiyası 13,3%, "Dəyişikliklər üçün - Demokratik Bolqarıstan" Avropa yönümlü koalisiyası isə 12,6% səs alıb.
Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib. Rumen Radev 2017-ci ilin yanvar ayından Bolqarıstanın prezidenti vəzifəsini tuturdu. 2026-cı ilin yanvar ayında o, parlament seçkilərində iştirak etmək üçün bu vəzifəni tərk etdi.
10:03
Bolqarıstanın sabiq prezidenti Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası bülletenlərin 78,24 %-nin nəticələrinə əsasən seçicilərin 44,881 % səsini qazanıb.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstanın xəbər agentlikləri Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən məlumat yayıb.
Beləliklə, ilkin nəticələrə əsasən, Rumen Radevin partiyası parlament seçkilərində səs çoxluğu ilə liderlik edir.
"Proqressiv Bolqarıstan" 13,651 % səs toplamış "Dəyişikliklərə davam edirik - Demokratik Bolqarıstan" koalisiya partiyasını, eləcə də keçmiş baş nazir Boyko Borisovun başçılıq etdiyi GERB partiyasını (13,184 %) xeyli qabaqlayır.
Seçki Məcəlləsinə əsasən, MSK toplanmış səslər və mandatların partiyalar və koalisiyalar arasında bölüşdürülməsi barədə seçki günündən ən geci dörd gün sonra, seçilmiş parlament üzvlərinin adlarını isə seçki günündən ən geci yeddi gün sonra elan etməlidir.
Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri səkkizinci parlament seçkiləri keçirilib.