Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür dinamika azərbaycanlı tələbələrin və onların ailələrinin ABŞ təhsilinin dəyərini və ölkənin aparıcı ali təhsil müəssisələrinin təqdim etdiyi imkanları yaxşı anladıqlarını göstərir:
"Təhsildən sonra vətənə qayıdan azərbaycanlı tələbələr özləri ilə inkişaf etmiş analitik təfəkkür, tələb olunan peşəkar bacarıqlar gətirir. Onlar əvvəllər ABŞ-də təhsil almış 8 mindən çox azərbaycanlıdan ibarət icmanın bir hissəsinə çevrilirlər. Buna görə də ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir. Bundan əlavə, ABŞ kimi bir ölkədə yaşamaq təcrübəsinin özü də mühüm üstünlükdür".