DÇ-2026 üçün yekun heyətlər açıqlanarkən bəzi milli komandaların baş məşqçilərinin verdiyi qərarlar futbol ictimaiyyətində geniş rezonans doğurub.
"Report"un araşdırmasına görə, bəzi yığmalar taktiki seçimlər, mövcud durum, yüksək rəqabət və zədələr səbəbindən tanınmış futbolçuların xidmətinə ehtiyac duymayıblar.
Fil Fodenin İngiltərə millisinə dəvət almaması əsas müzakirə mövzularından biridir. "Mançester Siti"nin yarımmüdafiəçisi son illərdə yığmanın əsas simalarından birinə çevrilsə də, bu dəfə yekun heyətdən kənarda qalıb. Onun heyətə düşməməsində əsas səbəb kimi son dövrdə sabit oynamaması və taktiki uyğunluq məsələləri göstərilir.
Eyni milli komandada Koul Palmer də heyətə düşməyənlərdəndir. "Çelsi"nin gənc hücumçusu yüksək potensialına baxmayaraq, güclü rəqabət və sırf məşqçi seçimi səbəbindən DÇ-2026-da iştirak etməyəcək.
İngiltərənin heyətində Harri Maquayr və Trent Aleksander-Arnold kimi təcrübəli futbolçuların da kənarda qalması diqqət çəkib. Maquayr daha çox seçim üstünlüyü və müdafiə xəttindəki rəqabətə, Aleksander-Arnold isə taktiki balans və müdafiəyönümlü planlara görə siyahıya daxil edilməyib.
Fransa yığmasında da ciddi itkilər var. Eduardo Kamavinqa zədə səbəbindən DÇ-2026-nı buraxmalı olacaq. "Real"ın yarımmüdafiəçisinin uzunmüddətli zədəsi onun turnirə hazır olmasına imkan verməyib. Randal Kolo Muani isə son dövrlərdəki zəif çıxışı və yüksək rəqabət səbəbindən heyətdən kənarda qalıb. PSJ-nin qapıçısı Lukas Şevalye də Fransa millisinin yekun siyahısına düşməyən futbolçular sırasındadır.
Niderland seçməsində isə Xavi Simons DÇ-2026-nı kənardan izləyəcək. "Tottenhem"in yarımmüdafiəçisi son illərdə milli komandanın əsas kreativ fiqurlarından biri olsa da, zədə səbəbindən onun adı yekun siyahıya daxil edilməyib.
Almaniya millisində Mark-Andre ter Ştegen də heyətdən kənarda qalan ən səs-küylü adlardan biridir. Təcrübəli qapıçının zədə problemi və uzunmüddətli bərpa prosesi onun DÇ-2026-ya qatılmasına imkan verməyib.
Braziliyada Juan Pedronun yekun heyətdən kənarda qalması diqqət çəkən qərarlardan biri olub. Hücumçunun adı geniş siyahıya daxil edilsə də, yekun heyətdən kənarda qalıb. Baş məşqçi Karlo Ançelottinin bu qərarı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
"Sambaçılar"ın heyətində növbəti itki Rodriqo sayıla bilər. "Real"ın vingerinin ön çarpaz bağından ciddi zədə alması onun mundialdan kənarda qalması ilə nəticələnib.
Argentina millisində isə Paulo Dibalanın heyətdən kənarda qalması böyük rezonans doğurub. Uzun illər yığmanın aparıcı fiqurlarından biri olan futbolçunun yığmaya çağrılmaması əsasən zədələr və taktiki uyğunluq məsələləri ilə izah olunur.
Ümumilikdə, baş məşqçilərin DÇ-2026 üçün heyət seçimləri bir daha göstərir ki, mundialda iştirak təkcə böyük adlarla deyil, həm də zədə, forma, sistem və məşqçi qərarlarına bağlıdır.
Əlavə edək ki, Viktor Osimhen (Nigeriya), Xviça Kvaratsxeliya (Gürcüstan), Yan Oblak (Sloveniya), Dominik Soboslai (Macarıstan), Robert Levandovski (Polşa), Nikolo Barella və Alessandro Bastoni (hər ikisi İtaliya) kimi tanınmış ulduz futbolçular millilərinin mundiala vəsiqə qazana bilməməsi səbəbindən "ofsayda düşüblər".
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.