Avropa İttifaqı (Aİ) hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investorudur.
"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Avropa şəhərciyi - 2026" tədbirinin açılışında bildirib.
Onun sözlərinə görə, bu il Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd edir:
"Biz 1996-cı ildən əhəmiyyətli nəticələr əldə etmişik. Kənd təsərrüfatı və biznesin inkişafından tutmuş səhiyyə, təhsil, ətraf mühitin mühafizəsi və bir çox digər istiqamətlərə qədər ən müxtəlif sahələrdə yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmağı ilə qürur duyur. Biz tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiqik".
O qeyd edib ki, "Avropa şəhərciyi" Avropaya açılan xüsusi bir pəncərədir və azərbaycanlılara Aİ və onun fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı verir.
Tədbir Heydər Əliyev meydanında keçirilir. Ziyarətçilər üçün yaradıcı kollektivlərin çıxışları, interaktiv tədbirlər, viktorinalar, müsabiqələr, stolüstü oyunlar, uşaq proqramları və Avropa İttifaqı ölkələrinin təqdimatlarını özündə cəmləşdirən zəngin mədəni və təhsil proqramı hazırlanıb.
"Avropa şəhərciyi" çərçivəsində qonaqlar həmçinin Aİ-yə üzv dövlətlərin pavilyonlarına baş çəkə, onların mədəniyyəti, adət-ənənələri və Azərbaycanla əməkdaşlıq istiqamətləri ilə tanış ola bilərlər. Aİ nümayəndəliyi ilə yanaşı, tədbirdə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç iştirak edir.