Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi Lüksemburqda bu gün keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyində mühüm yer tutacaq.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas iclasdan əvvəl bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Bakı və İrəvan arasında dialoqu Cənubi Qafqaz regionunda təhlükəsizliyin və dayanıqlığın təmin edilməsinin əsas amili kimi nəzərdən keçirir. Buna görə də Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı regionda Aİ-nin xarici siyasət fəaliyyətinin prioritetlərindən biri olaraq qalır.

Görüşdə normallaşma prosesinin dəstəklənməsi istiqamətində gələcək addımların, eləcə də Aİ-nin Ermənistanda yeni missiyasının yaradılması imkanının müzakirə olunması planlaşdırılır.

"Biz həmçinin Azərbaycanla münasibətlərin inkişaf yollarını müzakirə edəcəyik", - o bəyan edib.

Kallas qeyd edib ki, Brüssel sülh gündəliyinin irəliləməsi məqsədilə hər iki tərəflə işi davam etdirmək niyyətindədir. Bunun üçün tərəflər arasında konstruktiv dialoqun davam etdirilməsi və uzunmüddətli razılaşmaların əldə olunması vacibdir.