İran Silahlı Qüvvələri düşmənlərin hər hansı təcavüzkar hərəkətlərini bərpa edəcəyi təqdirdə onlara "dərhal və qətiyyətli cavab" verməyə hazırdır.

"Report"un Yaxın Şərqin xəbər portallarına istinadən verdiyi məlumata görə, bunu "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib.

O vurğulayıb ki, Tehran hərbi sahədə, o cümlədən Hörmüz boğazına nəzarət məsələsində üstünlüyünü qoruyur və ABŞ Prezidentinin "yerlərdəki vəziyyətlə bağlı yalan narrativlər yaratmasına" imkan verməyəcək.

Qeyd edək ki, İranla ABŞ arasında ikihəftəlik atəşkəs aprelin 22-də başa çatır. Bir-birini atəşkəsi pozmaqda ittiham edən tərəflər Fars körfəzində dəniz daşımalarına nəzarəti sərtləşdiriblər.

Xatırladaq ki, aprelin 20-si gecə saatlarında ABŞ-nin "USS Spruance" esminesi Oman körfəzində İran bayrağı altında üzən "TOUSKA" yük gəmisini ələ keçirib. Buna cavab olaraq İran mediası ölkənin silahlı qüvvələrinin ABŞ hərbi gəmilərinə dronlarla hücum etdiyini bildirib.