Hörmüz boğazında gərginliyin uzun müddət ərzində qalması neftə olan uzunmüddətli tələbatı sarsıdır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2026 çərçivəsindəki energetika panelində bildirib.

"Hörmüz ətrafında gərginliyin saxlanması alternativ enerjiyə marağın növbəti dəfə artmasına səbəb ola bilər", - o əlavə edib.

İ.Seçinin sözlərinə görə, Hörmüz boğazının bağlanması ilkin olaraq İrana iqtisadi ziyan vurmağa yönəlsə də, bütün dünyada enerjinin vəziyyətinə təsir göstərib:

"Boğazın bağlanması üçün görülən tədbirlər İrana qarşı yönəlmişdi, lakin bütün dünyanın əleyhinə işlədi. Strateji risklər yetərincə qiymətləndirilməmişdi. Nəticədə istehlakçılar zərər çəkir. Bundan əlavə, ABŞ-də yanacaq qiymətləri 50 %-dən çox artıb, Avropada isə qiymət artımı 20 %-i ötüb".

O əlavə edib ki, Hörmüz böhranı bir presedentdir:

"Aydındır ki, indi qlobal logistikanın təkcə dünya energetikası üçün deyil, ümumiyyətlə, həlledici əhəmiyyətə malik olan digər "dar boğazlar" da təhlükə altında qala bilər. Malakka, Bab-əl-Məndəb və Cəbəllütariq boğazları, Ümid burnu, Danimarka və Türkiyə boğazları, Süveyş və Panama kanalları buraya daxildir".