Azərbaycanda peşə təhsilini bitirənlərin 50-60 %-i özünə iş tapa bilir.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı İctimai TV-də yayımlanan "Xəbərimiz var" verilişində deyib.

Onun sözlərinə görə, peşə təhsilinə yönəlmək istəyənlərin sayı gündən-günə artır:

"Peşə təhsili artıq universitetə qəbul ola bilməyənlərin deyil, öz uğur hekayəsini yaratmaq istəyən, özünü bazarda hiss edənlərin seçimidir. Artıq diplom yox, bazar önə çıxır. Ümumilikdə götürdükdə bu təhsil üzrə 50-60 % məzunlar məşğulluq imkanından yararlana bilir. İkili təhsil modelində isə bu rəqəm 70-80 %-ə qədər yüksələ bilir. Bu göstəricilər daha çox sənaye, tikinti və xidmət sahəsində daha yüksəkdir".

O vurğulayıb ki, ikili təhsil modelinin genişləndirilməsi də nəzərdə tutulur:

"Bu modeldə təhsil alan tələbə təhsil müddətində işəgötürənin xidmət sahəsində praktiki bacarıqları əldə edir. Buna görə də iş tapmaq artıq daha rahat olur. 2022-ci ildə 800 belə tələbəmiz var idisə, hazırda bu model üzrə təhsil alan 2000 tələbə var".

Direktor diqqətə çatdırıb ki, peşə təhsili üzrə tələbə qəbulunun 62 %-i regionların payına düşür.

İlqar Bayramlı Qarabağda peşə müəssisələrinin qurulmasına toxunaraq vurğulayıb ki, Qubadlıda, Zəngilanda, Ağdamda layihələndirmə işləri aparılır, yeni və müasir peşə müəssisələri olacaq.