Aviasiya sərnişinlərinin hüquqları haqqında Avropa İttifaqı (Aİ) EU261 reqlamenti aviasiya sənayesinə hər il təxminən 8 milyard avroya başa gəlir, bu zaman sərnişinlərin böyük əksəriyyəti heç vaxt nəzərdə tutulan kompensasiyaları almır.
"Report"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, EU261 reqlamentin islahatı ilə bağlı Avropa Parlamenti və Aİ Şurası arasında danışıqlar yekun mərhələdədir, lakin prosesin özü xeyli uzanıb:
"Praktiki islahat hazırlamaq əvəzinə aviasiya siyasi mübahisə obyektinə çevrilib, danışıqlar isə spesifikası siyasətçilər tərəfindən həmişə tam başa düşülməyən əməliyyat məsələlərinə toxunur. Aİ Şurası düzgün hədəflər formalaşdırıb: qaydalar daha sadə, balanslaşdırılmış, tətbiqdə rahat olmalı və Avropanın nəqliyyat əlaqəliliyinin və rəqabətqabiliyyətliliyinin qorunmasına kömək etməlidir. Lakin indiki təklif bu tələblərə cavab vermir. Biz mövqeyimizi aydın bildirmişik: əgər islahat əhəmiyyətli yaxşılaşmalar gətirməyəcəksə, mövcud sistemi saxlamaq və müzakirəyə sonra qayıtmaq daha yaxşıdır".
O vurğulayıb ki, EU261 aviadaşımaların punktuallığının artırılması üçün effektiv alət deyil, çünki aviaşirkətlər onsuz da gecikələrin minimuma endirilməsində maraqlıdırlar:
"Reqlament artıq sənayeyə hər il təxminən 8 milyard avroya, yaxud hər sərnişinə təxminən 8 avroya başa gəlir, halbuki sərnişinlərin 99 %-i heç vaxt ondan birbaşa fayda əldə etmir. Üstəlik, mövcud qaydalar aviaşirkətləri kompensasiya ödənilməsi öhdəliyinin yarandığı üçsaatlıq həddi aşan gecikməyə risk etmək əvəzinə reysləri ləğv etməyə stimullaşdıra bilər. Məhz buna görə biz reysin gecikmələrinə görə kompensasiya həddinin beş saata qədər artırılmasını müdafiə edirik. Aİ Şurasının kompromis təklifi qısaməsafəli reyslərdə dörd saat və uzunməsafəli reyslərdə altı saat nəzərdə tutur ki, bu da düzgün istiqamətdə atılmış addım hesab edilə bilər. Lakin Avropa Parlamenti üçsaatlıq hədddə israr etməyə davam edərsə, status-kvonun saxlanması ən az ağrılı variant ola bilər".
R.Şvartsman əlavə edib ki, gələcək islahat bir çox gecikmənin aviaşirkətlərdən asılı olmayan səbəblərdən baş verdiyini nəzərə almalıdır:
"İrandakı müharibənin yaratdığı böhran bir daha xatırladıb ki, aviadaşıyıcılar mütəmadi olaraq məsuliyyət daşımamalı olduqları fövqəladə hallarla üzləşirlər. Eyni şey hava hərəkətinin idarə edilməsi sahəsindəki problemlərə də aiddir. Avropada bu səbəbdən yaranan gecikmələr son onillikdə ikiqat artıb. Nəticə etibarilə EU261 həm sərnişinlərin, həm də aviaşirkətlərin maraqları naminə daha effektiv işləməli, Avropa iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılmasına kömək etməlidir".