Cənubi Koreya Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə yönəlmiş beynəlxalq səylərə dəstək məqsədilə diplomatik, humanitar və hərbi iştirak variantlarını nəzərdən keçirir.
"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.
Bəyanat Prezident Li Çje Myonun ötən həftə Böyük Britaniya və Fransanın rəhbərliyi ilə keçirilən çoxtərəfli sammitdə iştirakından sonra səslənib. Sammitdə ABŞ-İran münaqişəsinə birbaşa cəlb olunmayan ölkələrin mümkün dəstək formaları müzakirə edilib.
Cənubi Koreya lideri bu strateji əhəmiyyətli su yolunda gəmiçilik azadlığının təmin edilməsinə "əhəmiyyətli töhfə" verəcəyini vəd edərək, böhranın tezliklə həlli və boğazda sabitliyin təmin edilməsi mexanizminin yaradılması üçün kollektiv beynəlxalq səylərin zəruriliyini vurğulayıb.
"Əhəmiyyətli töhfə sırf hərbi qüvvələrin yerləşdirilməsi demək deyil. Söhbət diplomatik, humanitar və hərbi variantlardan da gedir", - mənbə qeyd edib.
Nümayəndə vurğulayıb ki, görüşdə vəzifələrin ətraflı bölgüsü hələ tamamlanmayıb, lakin bu cür formatlar İrana Hörmüz boğazından gəmiçiliyin bərpasının zəruriliyi barədə vahid siqnal göndərməsi baxımından əhəmiyyətlidir.
"Biz hələlik İrana qarşı (əlavə) sanksiyaları və ya digər təzyiq tədbirlərini müzakirə etməmişik. Əgər bu cür addımlar nəzərdən keçirilərsə, biz beynəlxalq ictimaiyyətlə koordinasiyalı şəkildə hərəkət edəcəyik", - o əlavə edib.