Almaniyanın Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumuna start verilib.
"Report"un Avropa bürosunun məlumatına görə, forumun mövzusu "Ağıllı şəhər texnologiyaları və prosesləri"dir.
Azərbaycanda elan edilmiş "Şəhərsalma və memarlıq ili" çərçivəsində bu il keçirilən forum Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü və Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyeva tədbiri açıq elan edib. Azərbaycan və Almaniya himnləri səsləndirilib, sonra isə iştirakçılar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli çıxış edib.
Alyansın İdarə Heyətinin üzvü, Boxum Rur Universitetinin professoru Elxan Sadıq-Zadə Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumunun əsas yekunları barədə danışıb.