Azərbaycanda gənc hüquqşünas kadrları biznes prosesləri ilə bağlı yetərli biliyə malik deyil.
"Report" xəbər verir ki, bunu "Neqsol Holding"in nümayəndəsi Leyla Həsənova-Şahingöz Bakıda təşkil edilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" adlı konfransda bildirib.
O qeyd edib ki, gənc hüquqşünas məzunların işə cəlb edilməsi zamanı müəyyən problemlərlə qarşılaşırlar: "Bu çətinliklərin ən əhəmiyyətlisi onların maliyyə və biznes sahəsinə dair biliklərinin lazımi səviyyədə olmamasıdır. İşə qəbul müsahibələri zamanı aydın olur ki, gənc hüquqşünaslar nəzəri baxımdan yaxşı hazırlıqlıdırlar, qanunvericilik bazasını mənimsəyiblər. Ancaq biznes mexanizmlərini dərin səviyyədə dərk etmirlər. Konkret olaraq, gəlir və xərc terminlərini, maliyyə hesabatlarının tərkibini analiz etməyi, investisiya qərarlarının hansı əsaslarla qəbul edildiyini tam mənada qavramaqda çətinlik çəkirlər. Bəziləri sual edə bilər ki, hüquqşünasın bu mövzulara bələd olması nə qədər zəruridir.
Halbuki korporativ hüquqşünasın başlıca funksiyalarından biri şirkəti müxtəlif təhdidlərdən və risklərdən müdafiə etməkdir. Buna görə də o, müqaviləyə təkcə hüquqi sənəd prizmasından deyil, eyni zamanda kommersiya vasitəsi kimi baxmalıdır. Biznes və maliyyə proseslərini lazımınca dərk etmədiklərinə görə gənc hüquqşünaslar yaranan riskləri həmişə düzgün şəkildə qiymətləndirmək iqtidarında olmurlar".