Azərbaycan və Monqolustanın prokurorluq orqanları cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, izlənilməsi və müsadirəsi sahəsində informasiya mübadiləsi həyata keçirəcəklər.
"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqç jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Monqolustan və Azərbaycan coğrafi baxımdan bir-birindən uzaqda yerləşsə də, iki xalqın tarixi ənənələr, mədəniyyət və milli dəyərlər baxımından çoxlu ortaq cəhətləri var:
"2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkələrimizin prezidentləri görüş keçirərək ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu isə Monqolustan və Azərbaycan arasındakı münasibətlərdə yeni bir səhifə açıb".
J.Banzraqç vurğulayıb ki, Azərbaycanın Baş prokurorunun dəvəti ilə həyata keçirilən səfəri çərçivəsində imzalanan "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldir:
"Bu sənəd dövlətlərimizin prokurorluqları arasında cinayətkarlığın qarşısının alınması və ona qarşı mübarizə, cinayətlər nəticəsində vurulmuş zərərin aradan qaldırılması, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar açır. Bundan əlavə, ölkələrimizin prokurorluq orqanları cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar edilməsi, izlənilməsi və müsadirəsi sahəsində informasiya mübadiləsi həyata keçirəcəklər".
Monqolustanın Baş prokuroru deyib ki, bununla yanaşı, iki dövlətin hüquq sistemlərində ictimai maraqların müdafiəsi mexanizmlərinin bir çox cəhətdən oxşar olduğunu nəzərə alaraq, bu istiqamətdə təcrübə mübadiləsinin və qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi səmərəli hesab edilir.