Türkiyədə səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuqa ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) "Report"a verilən məlumata görə, nazir Məcnun Məmmədov aqrar sahənin iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri olduğunu deyib.

Azərbaycan-Moldova İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasına da toxunan nazir bildirib ki, iclasda iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, hər iki ölkə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm önəm verir.

M. Məmmədov Azərbaycanda hər il təşkil olunan "Caspian Agro" sərgisinin əhəmiyyətinə toxunub, Moldova tərəfini bu sərgidə milli pavilyonla təmsil olunmağa, moldovalı iş adamlarını sərgidə fəal iştiraka çağırıb.

Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

Hazırda Azərbaycanda aqrar sektorun rəqəmsallaşması prosesinin həyata keçirildiyi, ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni Moldova tərəfi ilə bölüşməyə hazır olduğu diqqətə çatdırlıb.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Moldova İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.