Azərbaycan ikinci dəfə "SİAM - Salon International de l"Agriculture au Maroc" sərgisində təmsil olunur.
"Report" xəbər verir ki, Afrikanın ən böyük kənd təsərrüfatı tədbirlərindən biri hesab edilən bu sərgi 20-28 aprel tarixlərində Meknès şəhərində keçirilir.
Beynəlxalq əhəmiyyətli bu tədbir dövlət qurumlarının nümayəndələrini, özəl sektor iştirakçılarını və dünyanın müxtəlif ölkələrindən ekspertləri bir araya gətirir. Sərgi kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, innovasiyaların təqdimatı və yeni tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.
Azərbaycanın bu tədbirdə iştirakı ölkənin Mərakeş və region ölkələri ilə, xüsusilə aqrar sahədə əməkdaşlığın inkişafına artan marağını əks etdirir.
Azərbaycanın milli pavilyonu Mərakeşdəki səfirlik tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə təşkil olunub. Pavilyonda ölkənin aqrar-sənaye sektorunda əldə etdiyi nailiyyətlər, eləcə də zəngin kənd təsərrüfatı ənənələrini əks etdirən məhsullar nümayiş olunur.
"SIAM 2026" sərgisində iştirak Azərbaycanın və Mərakeşin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi, yeni işgüzar tərəfdaşlıqların qurulması və təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.