Avropa İttifaqı (Aİ) Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri hesab edir.

"Report"un Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifiqində bildirib.

Onun sözlərinə görə, vaxtilə Bakıdan, Xəzər dənizi sahilindən Qara dənizə qədər bağlantını təmin etmiş bu dəmir yolu xətti uzun müddət baxımsız qalıb.

Bojkov bildirib ki, bu yaxınlarda Naxçıvana səfər edib və bir qrup ekspertlə birlikdə Culfa-Naxçıvan marşrutu üzrə dəmir yolu hissəsinə baxış keçirib.

"Biz bu yolu sürəti təxminən 20 km/saat olan işçi qatarla getdik. Təxminən 20 kilometr yolu qət etmək üç saata yaxın vaxt apardı", - o qeyd edib.

Aİ nümayəndəsinin sözlərinə görə, mütəxəssislər hazırda xəttin texniki vəziyyətini, tələb olunan investisiyaların həcmini, mümkün bərpa mexanizmlərini və layihənin təxmini dəyərini təhlil edirlər.

"İlkin nəticələr göstərir ki, dəmir yolu infrastrukturu ümumilikdə qənaətbəxş vəziyyətdədir", - Bojkov deyib.

O qeyd edib ki, inspeksiya zamanı ekspertlər körpülərin, yol ötürücülərinin, həmçinin dövlət sərhədinin bilavasitə yaxınlığında, Araz çayı boyunca dəmir yolu hissəsinin vəziyyətini araşdırıblar.

"Naxçıvan dəmir yolunun bərpası layihəsi milli əhəmiyyət daşıyır və prioritet investisiya istiqamətlərindən biri kimi nəzərdən keçirilir", - Bojkov vurğulayıb.